
İlham Əliyevin dil siyasəti
İlham Əliyev: Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.
Bu gün dünyanın davamlı olaraq ən sürətlı inkişaf edən ölkələrindən biri məhz Azərbaycandır. Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan Azərbaycan. Ulu öndərdən bizlərə miras qalan Azərbaycan.
İndi bu ölkəyə İlham Əliyev kimi tükənməz gücə, zəkaya malik bir şəxsiyyət rəhbərlik edir.
İlham Əliyev 2003-cü ildə Azərbaycanda keçirilən Prezident seçkilərində parlaq qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilir.
Bildiyimiz kimi, prezident seçkiləri ərəfəsində Ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixdə Azərbaycan vətəndaşlarına müraciəti ünvanlanır. Bu müraciətdə ulu öndər İlham Əliyevi bizlərə belə təqdim edirdi: “Üzümü Sizə -həmvətənlərimə tutaraq, qarşıdan gələn president seçkilərində prezidentliyə namizəd, mənin siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Heydər Əliyevin layiqli davamçısı kimi İlham Əliyev bu ümidləri doğrulda bildi.
İlk öncə Azərbaycanın yeni bir lideri kimi Azərbaycanı inamla irəli apara bildi. Ölkənin dinamik inkişafı, sürətlə modemləşməsi təmin edildi. Azərbaycan dünyada nüfuz və söz sahibinə malik oldu. Eyni zamanda, İlham Əliyevin BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamla, cəsarətlə çıxış edərək müstəqil xarixi siyasət yeridə bildi.
Heydər Əliyevin davamçısı kimi Azərbaycanın inkişafı naminə var gücü ilə fəaliyyətə başladı. Düşünülmüş islahatları, müdrik qərarları ilə Azərbaycana yeni nəfəs, yeni həyat bəxş edə bildi. İlham Əliyevin siyasətinin əsasında insan amili dayanır. Buna görə də xalqını daha xoş günlərə qovuşdurmaq arzusu ilə yaşayır və hər bir azərbaycanlının prezidenti kimi qəlblərdə özünə taxt qura bilir.
Bütün sahələrdə inkişafı təmin edən İlham Əliyev ulu öndərin dil siyasətinə də biganə qalmır. Ana dilimizin dövlət dili kimi işləkliyi üçün mühüm işlər görür. Azərbaycan dilinin geniş şəkildə tətbiqinə nail ola bilir. İlham Əliyevin ən mühüm xidmətlərindən biri isə dilimizin beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsi idi ki, buna da nail ola bildik. İlham Əliyevin bu sahədəki ilk addımı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı oldu. Sərəncamın imzalanması mühüm bir hadisə idi. Belə ki, 18 iyun 2001-ci ildə latın qrafikalı əlifbaya keçidin təmin edilməsi qarşıda bir çox vəzifələr qoyurdu. Bu vəzifələrdən biri də latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi idi. Bunun vacibliyini nəzərə alan İlham Əliyev bununla bağlı Sərəncam imzalayır.
İlham Əliyev bundan sonra bu sahəyə diqqəti daha da artırır, bir-birinin ardınca tarixi Sərəncamlar imzalayır. Belə ki, 2004-cu il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncam imzalayır. 2007-ci avqustun 24-də “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında”, 2007-ci il dekabrın 30-da isə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncam imzalayır. Bu sərəncamların əsasında ana dilimizin həyatımızın bütün sahələrində işləkliyinin təmin edilməsi məsələsi dayanırdı.
2008-ci ildə İlham Əliyev yenidən Azərbaycan Pespublikasının Prezidenti seçilir. Şəffaf və demokratik seçkidə xalq yekdilliklə İlham Əliyevi dəstəkləyir və nəticədə İlham Əliyev 88, 73 % səs toplayır. Xalqın İlham Əliyevə etimad göstərməsinin səbəbi onun uğurlu siyasəti idi. Onu da qeyd edək ki, xalq öz seçimində olduqca haqlı idi. Çünki ulu öndərimizin milli dövlətçilik konsepsiyasını uğurla həyata keçirə biləcək yeganə lider məhz İlham Əliyev idi. Buna görə də xalq öz düzgün seçimini edərək İlham Əliyevi II dəfə Prezident görmək arzusunu gerçəkləşdirir.
İlham Əliyevin hakimiyyəti dövrü bir çox cəhətləri ilə xarakterizə oluna bilər. Belə ki, İlham Əliyevin ikinci dəfə Prezident seçilməsi ölkədə ictimai-siyasi sabitliyə, dinamik iqtisadi inkişafa yol açmış oldu. İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycanın hərtərəfli inkişafı təmin edildi, yeni tarixi qərarlar qəbul edildi. Bununla da İlham Əliyev öz fəaliyyəti ilə Heydər Əliyevin varisi olduğunu bir daha sübut etmiş oldu.
Qeyd etdiyimiz kimi, əsası Heydər Əliyev tərəfindən qoyulan dil siyasəti məsələsi İlham Əliyevin də fəaliyyətinin aparıcı tərkib hissəsi kimi həmişə diqqətdə olmuş, bu istiqamətdə böyük işlər görülmüşdür. Müasir dövrdə Azərbaycan dili elə bir inkişaf səviyyəsinə çatır ki, artıq dilimizin qüdrəti bütün sahələrdə hiss edilir. Belə ki, dilimiz ictimai, siyasi, mədəni inkişafla bağlı olaraq daha da tərəqqi edir. Dilimizin bütün üslubları daha da zənginləşir. Prezident İlham Əliyev də ana dilimizə böyük həssaslıqla yanaşır, Azərbaycan dilinə, əlifbasına xüsusi qayğı ilə yanaşaraq bu sahənin inkişafını həmişə diqqətdə saxlayırdı.
Bunun ən bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il mayın 23-də xüsusi bir Sərəncam imzalayır. Bu sərəncam bir çox məsələlərin həllini zəruri edirdi.
Bundan sonra ölkə başçısının 2013-cü il aprelin 9-da “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” imzaladığı Sərəncamı da öz aktuallığı ilə seçilir. Bu sərəncam da Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, dilimizin saflığının qorunması və daha da zənginləşdirilməsi baxımından mühüm tarixi hadisə idi.
Azərbaycan xalqının tarixində mühüm tarixi hadisələr kimi 2013-cü il oktyabr ayının da öz xüsusi yeri var. Belə ki, 2013-cü il oktyabr ayının 9-da Azərbaycanda keçirilən Prezident seçkilərində İlham Əliyev seçicilərin 84, 54 faiz səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilir. Heydər Əliyev ənənələrinə sadiq qalan İlham Əliyev yüksək idarəçilik məharəti, qətiyyətli daxili və xarici siyasəti ilə Azərbaycanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirdi.
İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan dünyada irimiqyaslı layihələrin təşəbbüskarı kimi daha da tanındı. Bu illər ərzində görülən işlər İlham Əliyevin öz vətənini, xalqını nə qədər sevməsini bir daha sübut etmiş olur. İlham Əliyevin uğurlu layihələri əsasında 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verilir. Bunun davamı kimi 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilir. Hər dəfə uğurlu layihələri ilə diqqətdə olan Azərbaycan 2014-cü ildə də yeni bir uğura imza atır. Belə ki, 2014-cü ildə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olan Cənub Qaz Dəhlizinin təməli qoyulur.
İlham Əliyev də bütün fəaliyyəti dövründə elm və təhsili diqqətdə saxlamış, təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hesabına respublikamızda elm və təhsil sürətlə inkişaf etmişdir. Bu qayğı bu gün də davam edir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi altında sıx birləşərək özünün milli-mənəvi irsinə, habelə din, dil və s. bu kimi bəşəri dəyərlərinə sahib sıxdığını sübut etmiş, bununla da dünya xalqları arasında öz varlığını, dövlətçilik ənənələrini qoruyub saxlaya bilmək bacarığını nümayiş etdirə bilmişdir.
Prezidentlə xalqın birliyi Azərbaycan Respublikasını daima irəli aparır. Xalq İlham Əliyevə güvənir, onun arxasında olduğunu nümayiş etdirir. Bunu ən bariz nümunəsini biz yenə də 2018-ci ildə keçirilən Prezident seçkilərində gördük. Bu inam, bu güvən nəticəsində 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində xalq yenə də öz səsini İlham Əliyev cənablarına verdi. İlham Əliyev 86,03 faiz səs toplayaraq Azərbaycan Respublikasının dördüncü dəfə prezidenti seçilir.
Əlbəttə, bü böyük bir qələbə, xalqın inamını qazanmaq idi. Xalq öz layiqli prezidentini seçməklə sanki Azərbaycanın gələcəyinə səs vermiş oldu.
İlham Əliyev prezident seçildikdən sonra Azərbaycanın gələcəyi naminə uğurlu layihələrini daha da gerçəkləşdirir. 2018-ci ildə Bakıda Cənub Qaz Dəhlizinin açılş mərasimi keçirilir. 2018-ci il iyunun 12-də isə TANAP boru kəmərinin açılşı baş tutur. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılır.
Bu uğurlu addımların arxasında İlham Əliyev siyasəti dayanır. Hər bir sahədə inkişafa nail olan Azərbaycan xalqı həmişə Prezidentinin yanında olmuş, gələcəyə doğru birgə addımlamışlar.
Heydər Əliyevin Azərbaycanın inkişafı üçün irəli sürdüyü siyasət bu gün uğurla davam etdirilir. Elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi hiss edilməsin. Bu gün Azərbaycan modern bir ölkəyə çevrilib.
Xalqın kimliyini təstiq edən, millət kimi tanıdan dil məsələsi də İlham Əliyevin həmişə diqqətində olmuş, bu istiqamətdə uğurlar əldə edilmişdir. İlham Əliyev də hər bir çıxışında ana dilinin, ədəbiyyatın rolunu önə çəkir, bu məsələlərdən dönə-dönə bəhs edirdi: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir.
Ulu öndər Heydər Əliyev kimi, İlham Əliyev də hər bir çıxışında, keçirdiyi görüşlərdə dövlət atributlarından söz açmış, bu atributlar içərisində Azərbaycan dilinə, əlifbasına xüsusi hörmətlə yanaşmış, onların qorunması və inkişafı məsələsini vurğulamışdır.
Milli dövlətçiliyimizin əsas atributlarından biri kimi çıxış edən ana dilimizin dövlət dili statusuna yüksəlməsi tariximizin şərəfli bir səhifəsini təşkil edir. Dilimizin dövlət dili səviyyəsinə yüksəlməsi xalqın öz taleyinə sahibliyi idi. Azərbaycan xalqı buna nail ola bildi. Müstəqil dövlət qurmağın yolu da xalqın dilindən keçir. Gərgin mübarizələr şəraitində biz buna nail olduq, dilimizi dövlət dili kimi təstiq edə bildik. Bu gün bizim dilimiz müstəqil bir dövlətin dilidir. Müstəqil Azərbaycanın dilidir.
Biz xoşbəxt bir xalqıq. İlk öncə ona görə ki, müstəqil bir dövlətik. Müstəqil bir dövlət kimi də dünyanın müxtəlif dilləri ilə birbaşa əlaqəyə girə biləcək ana dilimiz var. Dilimiz bizim qürurumuz, dilimiz bizim kimliyimizdir. Dilimiz inkişaf edir, yüksək kürsülərdən eşidilir.
Bu gün bütün dünya Azərbaycan dövlətini, onun Prezidenti İlham Əliyev cənablarını tanıyır. İlham Əliyev öz dilini sevməklə bərabər, dilimizə qayğısını da əsirgəmir.
2015-ci ilin noyabr ayının 9-da Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi keçirilir. Yubileydə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları iştirak edir və öz çıxışı ilə diqqət çəkir. Bu çıxışda dilimizin qorunması, yad kəlmələrdən təmizlənməsi məsələsi xüsusi qeyd edilir. İlham Əliyev öz çıxışında bütün sahələrə toxunur. Ana dili ilə bağlı məsələləri isə xüsusi qeyd edir: “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.
Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsilnə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq ilk növbədə öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük.
Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorsaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır”.
Bunun davamı kimi İlham Əliyev dilimizin saflığını qorumaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələr aşağıdakılarə əhatə edir:
– Dövlət televiziya kanalında və digər kanallarda “Azərbaycan dili” verilişi bərpa edilsin və verilişdə dilimizin saflığı və ədəbi dil normalarının pozulması məsələsi geniş şəkildə işıqlandırılsın.
– Azərbaycan dilinin saflığının qorunması istiqamətində maarifləndirmə işi genişləndirilsin.
– Mətbuat və televiziya işçilərinin işə qəbulu zamanı onların nitq mədəniyyətinə bələdliyi səviyyəsi yoxlanılsın.
– Nitq mədəniyyəti ilə bağlı məsələlər mətbuatda mütəmadi olaraq işıqlandırılsın.
– Ayrıca olaraq mətbuat və televiziya işçiləri üçün praktik “Nitq mədəniyyəti” vəsaiti hazırlanıb nəşr edilsin.
– Azərbaycan Milli Elmlər Akademiyasının magistrant və doktorantları üçün “Dilimiz – milli sərvətimiz” adlı müsabiqə keçirilsin.
– Ədəbi dil normalarının pozulmasını əks etdirən videoçarxlar hazırlansın.
– Təhsil Nazirliyi və Milli Televiziya və Radio Yayımları Şurası xəttilə müvafiq qurumlarda “Azərbaycan dilinin saflığını qorumaq hamının borcudur” mövzusunda müsabiqələr keçirilsin.
– Təhsil Nazirliyinin müvafiq qurumlarında “Nitq mədəniyyəti” fənninin tədrisinin keyfiyyəti yaxşılaşdırılsın.
– “Nitq mədəniyyəti” dərsliyinin yeni təkmilləşdirilmiş nəşri hazırlansın.
– Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə koordinasiya işi gücləndirilsin, birgə tədbirlərin həyata keçirilməsinə diqqət artırılsın.
– Dilimizə daxil olan yeni terminlər mütəmadi olaraq ictimaiyyətə çatdırılsın və müzakirə olunsun.
– Yeni anlayışların dilimizin daxili imkanları hesabına ifadə olunması məsələsinə diqqət artırılsın.
– Azərbaycan dilinin orfoepiya lüğəti hazırlanıb nəşr olunsun.
– Ədəbi dil normalarının pozulması hallarına qarşı müvafiq cərimələr tətbiq edilsin.
Göründüyü kimi, dilimizə yad ünsürlərin daxil olması İlham Əliyevi də narahat etmiş, bunların aradan qaldırılması məsələsini qeyd etmişdir. Əlbəttə, bu kimi məsələlər bir vətəndaş kimi İlham Əliyevi narahat etmiş dilimizin gözəlliklərindən, dilimizin lüğət tərkibinin zənginliklərindən söz açmışdır. Əsrlər boyu dilimizi necə qoruya bilmişiksə, indidə qorumalı, gələcək nəsillərə əmanət kimi verməyi tövsiyə etmişdir.
Dilimizə qayğı, dilimizə münasibət həmişə belə olub. Bu səbəbdəndir ki, dilimiz sərt sınaqlardan üzü ağ çıxıb, bizə əmanət kimi gəlib çatıb.
2017-ci il oktyabr ayının 6-da Prezident İlham Əliyevin tapşırığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransın keçirilməsi də dilimizin qorunması və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamı idi.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dilimizin tətbiqi dairəsinin genişləndirilməsi üçün daha mühüm addımlar atılır.
Belə ki, 2018-ci il iyulun 18-də Prezident İlham Əliyev “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayır. Bu Sərəncam da dilimizlə bağlı bir çox məsələlərin həlli baxımından mühüm bir sənəd idi.
Dilimizin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər daha da davam edir, ölkə Prezidenti İlham Əliyev yeni tarixi qərarlar qəbul edir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il Fərmanı olduqca mühüm bir sənəd idi. Bu Fərmanın tarixi əhəmiyyəti ondan ibarət idi ki, bu sənəd həm əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dil siyasətinin, həm də dilimizin inkişafı və qorunması sahəsində həyata keçirilən genişmiqyaslı işlərin məntiqi davamı idi.
Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( 1 noyabr 2018)
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Ümummilli lider H.Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında”, “Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi – texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə” nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.
Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.
Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109 -cu maddəsinin 32 -ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratsın;
2.“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” (bundan sonra – Monitorinq Mərkəzi) publik hüquqi şəxsin təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin;
3.AMEA ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planını hazırlayıb bir ay müddətində təsdiq etsin;
4.Monitorinq Mərkəzinin nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, iki ay müddətində təsdiq etsin;
5.Monitorinq Mərkəzinin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etsin.
6.Monitorinq Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yer ayrılmasını və zəruri maddi – texniki təminat məsələlərini həll etsin;
7.Kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərini hzırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.Bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2018 -ci il
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin imzaladığı Fərmanı ana dilimizin inkişafına yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.
Bəli, ana dilimizə qayğı İlham Əiyevin də fəaliyyətinin əsas hissəsini təşkil etmiş, bu istiqamətdə mühüm addımıar atılmışdır. Qəbul edilən hər bir qərar dilimizin inkişafına təkan vermiş, dilimiz hakim bir dilə çevrilmişdir.
Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: “Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”.
Göründüyü kimi, əsası Heydər Əliyev tərəfindən qoyulan dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Fəxriyyə Cəfərova