Böyük mütəfəkkir şair Hüseyn Cavid və onun “Azər” poeması

Böyük mütəfəkkir şair Hüseyn Cavid və onun “Azər” poeması

05 Dekabr 2024

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev - İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır... Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır.

Azərbaycan xalqının dünya ictimai fikir və mədəniyyət tarixinə bəxş etdiyi çoxsaylı görkəmli şəxsiyyətlərdən biri böyük romantik şair Hüseyn Cavid Rasizadədir (1882-1941). Onun çoxcəhətli və zəngin yaradıcılığı humanist ideallara xidmətinə görə ön sıralarda dayanmaqdadır.

Mütəfəkkir-şair kimi geniş şöhrət qazanmış, öz istedadı ilə bir günəş kimi parlayan Hüseyn Cavid Azərbaycan və dünya ədəbi xəzinəsinə dərin mənalı, incə ruhlu lirik şeirlərlə bərabər, “Ana”, “Uçurum”, “İblis”, “Peyğəmbər”, “Topal Teymur”, “Siyavuş” və daha neçə sanballı dram əsərləri bəxş etmişdir. Bu baxımdan Azərbaycanın müasir milli dramatirgiyasının üç ağır sütunundan (Cavid, Cəlil, Cəfər – R.Q.) biri də məhz dahi sənətkar Hüseyn Caviddir. “Türkə qılıncdan daha kəskin, ulu qüvvət, Mədəniyyət, mədəniyyət, mədəniyyət!” – deyən ulu Cavid bütün yaradıcılıq idealları ilə türk dünyasının birliyi, inkişafı və güclənməsi ideyasına ümid bəsləmişdir.

Çoxcəhətli və zəngin yaradıcılığa malik olan Hüseyn Cavidin qiymətli söz xəzinəsi içərisində sonuncu, özü və sevimli övladı Ərtoğrol kimi taleyi yarımçıq  qalmış bir əsəri də var ki, oxucuların sevə-sevə oxuduğu “Azər” poemasıdır. “Azər” (1926-1928) poeması özündə dərin ictimai mətləblər əks etdirən qiymətli bir bədii əsərdir. Sovet dövründə yazılan və qüdrətli sənətkarın etimadsızlıq duyduğu mövcud rejimə şübhələrini ifadə edən  bu əsərdə ictimai həqiqət olan sülhə, humanizmə, ədalətə inam və çağırışlar başlıca yer tutur.

Böyük sənətkarın istedadla ərsəyə gətirdiyi, lakin yarımçıq qalan “Azər” poeması böyük ideya-mənəvi gücə malik olan bir əsərdir. Azərbaycan ədəbiyyatının Sovet dövrü mərhələsində yazılmış bu əsər öz qorxu və dəhşətlərilə insanlara hakim kəsilən ictimai-tarixi şəraitə ayıq-sayıq nəzərlərlə baxan, yeni cəmiyyət quruculuğuna münasibəti ifadə edən sanballı bir əsərdir. Lakin poemada Azərin davranışları və fikirləri böyük şairimizin özünəməxsus ideya, fikir və davranışlarının təbiri kimi çıxış edir. Poemanın başlanğıcındakı:

Düşündüm ki, əməl çəmənzarında

Açar qızıl güllər, zümrüt yapraqlar;

Düşündüm ki, ömrün ilk baharında

Al şəfəqlər saçar qonça dodaqlar.

Düşündüm ki, susar qanlı tufanlar,

Kеçər zalım fırtınalar, böhranlar,

Çəkilir dumanlar, sönər vulkanlar,

Ninni söylər bana coşqun ırmaqlar.

 

Yazıq!.. Ortalığı zülmətlər aldı,

Ölüm yarı yardan aralı saldı,

Həsrətlər içində ruhum bunaldı,

Qanatdı gönlümü xain dırnaqlar –

 

kimi şeir öz mənəvi yükü, ifadə etdiyi xarakter və ideyalar etibarilə Hüseyn Cavidin özünü təcəssüm etdirdiyini açıq görmək olar.

Möminlərə sorsan еdəcək küfrünə fərman,

Dinsizlərə gеt, onda bulur şübhəli iman –

misraları Azərin mübhəm, ictimai mühit üçün dərk edilməyən bir insan olduğunu ifadə etməklə bərabər ədibin əvvəlki əsərlərində yaratdığı Dərviş, Şeyx Sənan, Arif, Xəyyam obrazlarını da yada salır. Azərin özü haqqında danışdığı bu misralar müəllif-Azər mənəvi birliyini aydın nümayiş etdirir:

Bən yеtişdim atəşlə su

Öpüşdüyü bir ölkədən.

İzliyorkən sеvgi yolu

Acı duydum hər kölgədən.

 

Bir yoqsulum, hər diləyim

Diz çökdürür zənginləri.

Bir arifim, bilmədiyim,

Aşar durur ənginləri.

 

Bir aşiqim, fеyz alırlar

Bəndən irfan çobanları.

Bir çobanım, qaval çalar,

İnlətirim vicdanları.

 

Bən əbədi hürriyyətin

Sеvdalı bir cilvəsiyim.

Anlaşılmaz bir xilqətin

Parlar, sönər şöləsiyim.

Bu mənada Azər bir tərəfdən şairin özünün proobrazı, digər tərəfdən adı və ədəbi missiyasına görə mənsub olduğu xalqının obrazlaşmış siması, “haqq bağıran səsi”dir. Azərin “Rəqsi təlim ediyor axsaqlar” kimi aforistik ifadələri də, fikrimizcə, Cavidin yeni cəmiyyət qurmaqda canfəşanlıq edən dilbilməz, yolbilməz bolşevik gənclərə ünvanladığı tənqid və tövsiyələri idi. Xalqı avamlığa, köhnəliyə dəvət edən saxtakar din xadimlərini tənqid Hüseyn Cavid yaradıcılığı üçün də xarakterik olduğu kimi “Azər” poemasında da xüsusi yer alır. Mütəfəkkir sənətkar burada:

Nə əcayib sürü, yahu, bunlar,

Öndə rəhbərlik еdər maymunlar.

Cühəla еlm, fəzilət satıyor,

Xalqı əfsunlayaraq aldatıyor.

Kəndi əxlaqı sönükkən həpsi

Yеltənir vеrməyə əxlaq dərsi

- deyə qətiyyətli etiraz səsini bildirmiş və ifşa etmişdir.

Böyük humanist şairin müdrikanə fikirləri “Azər” poemasında uğurla davam etdirilərək daha konkret, bitkin və pafos halını alır. Mənsub olduğu xalqı və millətinin inkişafı idealına bütün əzmilə xidmət göstərən pedaqoq, ustad sənətkar H.Cavid qarşıyda sədd olaraq dayanmış əngəlləri də aşmaqda tənqidi realistlər kimi qəti mübarizə və üsyan çağırışı edirdi. Köhnəlmiş, dünya ilə həmahəng, müasir inkişafa əngəl olan “yıpranmış” düşüncə və stereotiplərə qarşı mübarizə açan şair yazırdı:

İsyan!

Keçmişlərə, keçmişdəki adətlərə isyan!

İsyan!

Məbədlərə, qalpaqlara, çarşaflara isyan!

Şaşqınlığa yoq zərrəcə imkan.

Hər fəlsəfə, qanun dəyişirkən,

Bir nöqtədə dursan da düşünsən,

Məqbər yapacaqlar kəmiyindən.

İsyan!

Həp əski hürufata da isyan.

İsyan!

Həp köhnə xurafata da isyan!

Böyük mütəfəkkir şair H.Cavid xalqın gələcəyinin sədaətinə, insanın xoşbəxtliyinə elmlə, maariflə bir günəş doğacağına inanırdı. Cavid gələcəyə ümidlə baxır, onun səadət və xoşbəxtlik gətirəcəyinə inam bəsləyirdi. Buna görə də mütəfəkkir şair:

 Sağalır elm ilə hər türlü yara –

Və yaxud:

Lazımsa cəhalətlə güləşmək,

Bir çarə var: ancaq yeniləşmək!

Onlardakı himmət və mətanət,

Qırbaclayacaq Şərqi nəhayət.

Onlardakı qüdrət və məharət,

Er-gec verəcək xalqa səadət.

Onlar mədəniyyətlə Günəşlər yaqacaklar,

Keçmişlərə üstdən baxacaqlar.

Onlar güləcək, yüksələcəklər,

Həp yüksələcək, həp güləcəklər.

Onlar güləcək, güldürəcəklər,

Bizdən daha xoş gün görəcəklər!

Cavid ictimai mühitin təbəqə-təbəqə, fərdbəfərd xarakterini, mənəviyyatını da sanki açıb göstərir, dövrün ictimai-mənəvi mənzərəsini də əks etdirirdi:

Onca dünya qoca bir səhnə dеmək,

Hər kəs aktörlük еdər bilmiyərək.

Kimi arif, kimi dilbər və əsil,

Kimi qurnaz, kimi divanə, səfil...

Kimi cani... düşünür fitnə-fəsad.

Kimi zеvq əhli, dilər hər kəsi şad.

Kimi pək sadədil, oynaq, şaqraq,

Kimi pək duyğusuz, abdal və bunaq...

Kimi ismət, kimi naz, işvə satar,

Kimi həp varlığa bir təkmə atar.

Dövrünün yalançı ideoloji kampaniyasına uymayan Cavid həm də bu yalanı açmağa cəsarət etmişdi. Əsərin “İnqilab xırsızı” hissəsində qadın taleyi timsalında sadə, avam xalqı öz yalan ideoloji toruna salıb ondan sui-istifadə edən Şura sədrini və onun timsalında geniş ictimai qüvvələri açıq ifşa etdiyi aydın görünür. Ədalət və mərhəmət düşkünü olan humanist sənətkar:

Gəl gedəlim, gəl, yetər

Varsa ədalət əgər

Xain er-gec məhv olur,

Əzilənlər qurtulur -

deyə həm öz dövrünün, həm də gələcəyin adamlarına küskün, gileyli və bir az da şikayətli şəkildə səslənirdi. Bütün bunlara görə də öz sənət idealına sədaqət göstərən Cavid ədəbiyyat tarixində “söz və fikir zadəganı” olaraq qaldı. Özünü mənsub olduğu xalqının maariflənməsi, inkişafı və azadlığı üçün həsr edən Hüseyn Cavid həm də böyük maarifçi idi. Publisist əsər və məqalələrində, eləcə də bədii əsərlərində şair maarif, tərbiyə tərəfdarı kimi çıxış edirdi. “Türkə qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” fikri böyük şairin maarifçilik şüarlarını irəli sürürdü. O, mənsub olduğu xalqının gələcəyini oxumaqda, məktəbdə, tərbiyədə görür, özünün müəllimlik peşəsi ilə də bu ideallara yorulmadan xidmət edirdi. Cavidin bu sözləri də onu öz idelına sədaqəti və məhəbbətinə görə dara çəkənlərə ittiham şüarı kimi səslənməkdədir:

Bana gülməkdəsiniz gərçi bu gün,

Var yarın sizlər üçün qorqulu gün.

O zaman iştə ölənlər dirilir,

Kim nə yapmışsa, cəza çəkdirilir.

Repressiya qurbanı olan Cavid öz yaradıcılıq idealı ilə ədəbiyyat və əbədiyyət üfiqlərində bir Günəş kimi parladı. Şairin nakam, istedadlı övladı Ərtoğrol demişkən: “Babam Hüsеyn Cavid bir günəş idi. Yüksəldi, parladı, yarasaların gözünü kor еtdi. Lakin dumanlar onun qarşısını aldılar...”.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinə qədər unudulan Hüseyn Cavidin əsl bəraətini də məhz ədəbiyyatımızın böyük hamisi ulu öndər Heydər Əliyev vermişdir. Məhz bu böyük şəxsiyyətin  xalqına bağlılığı və sənətə sonsuz sevgisi işığında bəraət alaraq xalqının milli sərvəti kimi təqdim və təbliğ edilən Hüseyn Cavid ardıcıl dövlət qayğısı ilə əhatə olunmuşdur. 24 oktyabrın Cavid Poeziya Günü olaraq qeyd edilməsi də bu böyük sənətkara olan ehtiramın bariz ifadəsidir.  Ədəbiyyatımızın böyük korifeyi Hüseyn Cavid şəxsiyyəti və sənətinə verdiyi misilsiz qiymətin ifadəsi olaraq ümummilli lider Heydər Əliyev Hüseyn Cavid irsinin öyrənilməsi və təbliğinin əhəmiyyətini vurğuluyaraq demişdir: “Bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəbliləri, gənc nəsli tərbiyə edənlərin borcu ondan ibarətdir ki, Hüseyn Cavidin əsərlərini hamıya çatdırsınlar, xüsusən bizim gənclərə. Məktəblərdə Hüseyn Cavidin əsərləri xüsusi yer tutmalıdır. ...Çünki onun hər bir əsərində bir dünya var və bu barədə bizim müəllimlərimizin üzərinə çox böyük vəzifə düşür”.  Ümid edirik, gələcək nəsillər bu əsəri mütaliə etdikcə Cavid sənəti ilə keçmişimizə və xalqımızın taleyinə daha dərindən nüfuz edəcək, vətənpərvərlik duyğularının inkişafına nail ola biləcəklər.   

Ramiz QASIMOV,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent